Azərbaycan xalqı böyük qürur və iftixar hissi ilə dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünü qeyd edir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşların iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərini və əhalinin doğma torpaqlarına qayıdışını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoyub. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, şəhər və kəndlər müasir standartlara uyğun qurulur, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və dayanıqlı qayıdışı təmin edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti bu ərazilərin sosial-iqtisadi inkişafına və əhalinin layiqli yaşayış şəraiti ilə təmin olunmasına xidmət edir.
Tədbirdə Vətən müharibəsində iştirak etmiş Agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.