Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin
(AQTA) sədri Qoşqar Təhməzli ilə Latviya Respublikasının kənd təsərrüfatı
naziri Armands Krauze arasında görüş keçirilib.
Görüş zamanı
Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata
keçirilən tədbirlər, o cümlədən beynəlxalq əməkdaşlıq çərçivəsində görülən
işlər barədə qonaqlara ətraflı məlumat verib.
Görüşdə iki
ölkə arasında bitki sağlamlığı sahəsində birgə fəaliyyət, o cümlədən zərərli
orqanizmlərin erkən aşkarlanması məqsədilə süni intellekt, uzaqdan müşahidə və
GIS (Geographic Information System) xəritələşmə texnologiyalarının tətbiqi üzrə
əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Həmçinin
pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyatı,
qiymətləndirilməsi və tətbiqi proseslərinin təkmilləşdirilməsi məqsədilə
Latviya təcrübəsinin öyrənilməsi, o cümlədən pestisidlərin insan sağlamlığına
və ətraf mühitə potensial təsirlərinin qiymətləndirilməsi üzrə Avropa
İttifaqının risk əsaslı yanaşmalarının tətbiqinə dair metodoloji dəstəyin əldə
edilməsi məsələləri müzakirə olunub.
Tərəflər iki
ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini
vurğulayıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin
artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.