Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ISO beynəlxalq standartlarına uyğun sertifikatlaşdırılıb. Keçirilmiş auditin nəticələrinə əsasən institut ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi. Tələbləri” standartına uyğunluq sertifikatı alıb.
ISO 9001:2015 keyfiyyətin idarə olunması sahəsində dünyanın ən nüfuzlu və geniş tətbiq olunan beynəlxalq standartlarından biridir. Bu standart təşkilatlarda idarəetmə proseslərinin sistemli şəkildə qurulmasını, fəaliyyətin səmərəliliyinin artırılmasını, risklərin vaxtında müəyyən edilərək effektiv idarə olunmasını və xidmətlərin keyfiyyətinin davamlı yaxşılaşdırılmasını təmin edir. Həmçinin, müştəri məmnunluğu bu standartın əsas prioritetlərindən biridir.
AQTİ-nin ISO 9001:2015 sertifikatına layiq görülməsi institutda idarəetmə mexanizmlərinin, daxili nəzarət sisteminin və göstərilən xidmətlərin beynəlxalq tələblərə tam uyğun şəkildə qurulduğunu təsdiqləyir və fəaliyyətin şəffaflığına, etibarlılığına mühüm töhfə verir.
Qeyd edək ki, AQTİ-də 2024-cü ilin aprel ayından etibarən sözügedən standartın tətbiqi istiqamətində işlərə başlanılıb. Qeyd edək ki, ISO beynəlxalq standartları hazırda dünyada bir çox qabaqcıl təşkilatlar tərəfindən uğurla tətbiq olunur. AQTİ fəaliyyətinin daha da təkmilləşdirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartların tətbiqinin genişləndirilməsi istiqamətində işlərini gələcəkdə də davam etdirəcəkdir.