arrow

AQTİ fermer və sahibkarlar üçün Qubada təlim keçirib

AQTİ fermer və sahibkarlar üçün Qubada təlim keçirib
22-08-2025 12:15

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi arasında əməkdaşlıq çərçivəsində Qubada təlim təşkil olunub. “Qida məhsullarının daşınma və saxlanma qaydaları” mövzusundakı sessiya təlimçi Fərid Salamzadə tərəfindən aparılıb.

Təlimdə fermerlər, sahibkarlar, həmçinin qida sektorunda fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Tədbirin əsas məqsədi iştirakçıların qida məhsullarının təhlükəsiz və standartlara uyğun şəkildə daşınması, saxlanması, qablaşdırılması, etiketlənməsi barədə bilik və bacarıqlarının artırılması olub.

Təlim proqramı çərçivəsində Quba Regional Təlim Mərkəzinin inzibati binasında iştirakçılara mövzu ilə bağlı ətraflı nəzəri məlumatlar təqdim edilib, beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq olunan qayda və standartlardan danışılıb, həmçinin iştirakçıların sualları cavablandırılıb.

Daha sonra təlim iştirakçıları soyuducu anbara səfər ediblər. Burada onlara qida məhsullarının daşınma və saxlanma prosesinin praktiki nümunələri göstərilib. İştirakçılar məhsulların qablaşdırılması və etiketlənməsi qaydaları, soyuducu şəraitdə düzgün yerləşdirilməsi, daşınma zamanı temperaturun qorunması kimi vacib məqamlarla əyani şəkildə tanış olublar.

Sonda təlimin qida təhlükəsizliyi mədəniyyətinin formalaşmasında və fermerlərin, sahibkarların fəaliyyətində müasir yanaşmaların tətbiqində mühüm rol oynayacağı vurğulanıb.