Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) 75 illik yubileyi çərçivəsində təşkil olunan vebinarda çıxış edib.
“EPPO Jens-Georg Unger Plant Health Fellowship” təqaüd proqramının nailiyyətlərinə həsr olunmuş vebinarda AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyasının molekulyar bioloqu Gülər Bayramova iştirak edib. O, 2023-cü ildə layiq görüldüyü təqaüd proqramı çərçivəsində 2024-cü ilin fevral–iyul aylarında Almaniyanın Braunşveyq şəhərində apardığı tədqiqatın nəticələri barədə geniş məlumat verib.
Tədqiqat “Pomidor və bibər toxumlarında pomidorun bürünclük virusunun mövcudluğu və toxum vasitəsilə yayılma risklərinin qiymətləndirilməsi” mövzusuna həsr olunub. Gülər Bayramova bildirib ki, aparılan tədqiqatın nəticəsi virusun davranışının mürəkkəb xarakter daşıdığını və onun toxumlar vasitəsilə yayılma potensialının daha ətraflı araşdırılmasının vacibliyini ortaya qoyur. Bu yanaşma bitki sağlamlığı sahəsində risklərin daha düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təqdimatda həmçinin EPPO təqaüd proqramının elmi bilik və bacarıqların inkişafına, beynəlxalq təcrübənin əldə olunmasına və yeni elmi əməkdaşlıqların qurulmasına verdiyi töhfələr xüsusi vurğulanıb.
Qeyd edək ki, vebinara EPPO-nun 24 üzv ölkəsi daxil olmaqla, ümumilikdə 26 ölkədən 60-dan çox iştirakçı qatılıb. Bu geniş beynəlxalq təmsilçilik proqramın yüksək maraq doğurduğunu və əhəmiyyətini bir daha təsdiqləyib.