arrow

AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb

AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
20-10-2026 16:36

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyasının mikoloqu Nigar Hacıyeva qısamüddətli qrant layihəsi çərçivəsində İtaliyanın Marche Politexnik Universitetində elmi-tədqiqat layihəsində iştirak edib.

Layihə çərçivəsində Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) A2 siyahısına daxil olan Monilinia fructicola göbələyinin yığımdan sonrakı dövrdə meyvələrdə inkişaf xüsusiyyətləri araşdırılıb. Tədqiqat tanınmış alim, professor Gianfranco Romanazzinin rəhbərliyi ilə həyata keçirilib. Əsasən çəyirdəkli meyvələrdə qonur çürümə xəstəliyinə səbəb olması ilə tanınan Monilinia fructicola göbələyinin yığımdan sonrakı mərhələdə inkişaf xüsusiyyətləri müxtəlif şəraitlərdə müşahidə edilib. Tədqiqat çərçivəsində əldə olunan elmi nəticələri AQTİ nümayəndəsi İtaliyanın Ankona şəhərində keçirilən kənd təsərrüfatı sərgisində poster şəklində təqdim edib.

Layihə Azərbaycan və İtaliya arasında bitki mühafizəsi və qida təhlükəsizliyi sahələrində elmi əməkdaşlığın genişləndirilməsinə, eləcə də yerli mütəxəssislərin beynəlxalq elmi təcrübə mübadiləsində iştirakına töhfə verir.