Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşı Nigar Hacıyeva Avropa Elm və Texnologiyada Əməkdaşlıq Təşkilatının (COST) “Short-Term Scientific Mission” proqramı çərçivəsində elmi qranta layiq görülüb.
Qrant çərçivəsində Nigar Hacıyeva 15 sentyabr–15 oktyabr 2026-cı il tarixlərində İtaliyanın Marche Polytechnic Universitetində elmi tədqiqat aparacaq. Dörd həftə davam edəcək tədqiqat zamanı meyvəçilikdə xəstəliklərə səbəb olan patogenlərin məhsul itkisinə, eləcə də məhsulların anbarlarda saxlanması zamanı xarab olmasına təsiri araşdırılacaq. Eyni zamanda, həmin xəstəliklərin xüsusiyyətləri beynəlxalq standartlara uyğun olaraq müqayisəli şəkildə qiymətləndiriləcək.
Avropada elmi əməkdaşlığın və tədqiqat imkanlarının genişləndirilməsinə xidmət edən bu qrantın qazanılması Azərbaycanın beynəlxalq elmi əməkdaşlıqda təmsil olunması baxımından mühüm nailiyyətdir.