Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyasının mikoloqu, EPPO Mikologiya Diaqnostik Panelinin üzvü Nigar Hacıyeva Sloveniyanın Lyublyana şəhərində keçirilən panel iclasında iştirak edib.
Sloveniya Meşəçilik İnstitutunda təşkil olunan görüşə 20-dən artıq ölkənin nümayəndələri qatılıb. İştirakçılar arasında Azərbaycanla yanaşı, İtaliya, Belçika, Böyük Britaniya və digər EPPO üzv ölkələrinin mütəxəssisləri də yer alıblar.
İclas zamanı bitki patogenlərinin diaqnostikasına dair EPPO standartları və PM 7 seriyalı protokollar nəzərdən keçirilib. Mövcud protokolların yenilənməsi və təkmilləşdirilməsi, karantin və digər əhəmiyyətli göbələk patogenlərinin diaqnostikası, eləcə də yeni protokolların hazırlanması istiqamətində müzakirələr aparılıb və müvafiq təkliflər irəli sürülüb.
Səfər çərçivəsində Sloveniya Meşəçilik İnstitutunun yeni yaradılmış Mikologiya laboratoriyasının fəaliyyəti, müasir avadanlıqları və diaqnostik imkanları ilə də tanışlıq olub.