Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilən növbəti səriştəlilik sınağının nəticəsi məlum olub. Kolbasa məhsullarında nitrit, nəmlik, nişasta parametrlərinin kəmiyyətcə təyini üzrə sınaqlara 7 laboratoriya qatılıb.
İnstituta təqdim edilən nəticələrə dair hesabat AQTİ-nin saytında (afsi.gov.az) “Xidmətlər” bölməsinin “Səriştəlilik sınaqları” adlı alt bölməsindəki “Hesabatlar”da yerləşdirilib. Nəticələr konfidensiallığın qorunması məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanıb. İştirakçılar sayta daxil olaraq nəticələrlə tanış ola bilərlər.
Qeyd edək ki, sınaqlar beynəlxalq ISO/IEC 17043 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına dair ümumi tələblər” standartına uyğun keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriyaların sınaq nəticələri səriştəlilik sınaqları “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirildikdə tanınır və etibarlı hesab edilir.