arrow

Qida ilə təmasda olan mütəxəssislər üçün gigiyena təlimi keçirilib

Qida ilə təmasda olan mütəxəssislər üçün gigiyena təlimi keçirilib
27-01-2026 14:45

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkədə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də qabaqcıl təcrübə və beynəlxalq standartlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə mütəmadi olaraq maarifləndirici təlimlər keçirilir. Bu istiqamətdə sahibkarlar və qida ilə təmasda olan mütəxəssislər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlimdə iştirakçılara müəssisə fəaliyyətinin mövcud qanunvericiliyin, eləcə də sanitariya-gigiyena qaydalarının tələblərinə uyğun təşkili ilə bağlı zəruri məlumatlar təqdim edilib.

Təlim zamanı əməkdaşların şəxsi gigiyenası, zərərvericilərə qarşı nəzarət tədbirləri, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları ətraflı şəkildə izah olunub.

İnteraktiv formatda təşkil edilən təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, həmçinin iştirakçıların bilik və bacarıqları qiymətləndirilib. Sonda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.