Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkədə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də qabaqcıl təcrübə və beynəlxalq standartlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə keçirilən maarifləndirici təlimlər davam etdirilir. Bu istiqamətdə sahibkarlar və qida ilə təmasda olan mütəxəssislər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlimdə iştirakçılara müəssisə fəaliyyətinin mövcud qanunvericiliyin, eləcə də sanitariya-gigiyena qaydalarının tələblərinə uyğun təşkili ilə bağlı zəruri məlumatlar təqdim edilib.
Təlim zamanı mətbəx sahəsində praktiki nümunələr əsasında əyani izahlar təqdim olunub, fiziki, kimyəvi və bioloji təhlükələr, gigiyenik tədbirlər, qida məhsullarının saxlanması və dövriyyəsinə dair tələblər izah edilib. Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, bilik və bacarıqları dəyərləndirilib.