Ölkədə
biznes mühitinin davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən
dövlət dəstəyi tədbirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi
Agentliyində (AQTA) Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri
ilə keçirilən görüşdə ətraflı müzakirə olunub.
Sahibkarlıq subyektləri üçün əlçatanlığın təmin
edilməsi, prosedurların asanlaşdırılması və fasiləsiz həyata keçirilməsi
məqsədilə qida təhlükəsizliyi sahəsində sistemli islahatlar aparılır, rəqəmsal
xidmətlərin əhatə dairəsi genişləndirilir. Laborator müayinələrin keyfiyyəti və
operativliyi yüksəldilib, idxal, ixrac əməliyyatlarının sürətli və
sadələşdirilmiş üsulla icrası təmin olunub.
İdxal-ixrac əməliyyatları tam rəqəmsallaşdırılıb və
proseslərin daha çevik və effektiv təşkili sahəsində sahibkarlar elektron
qaydada müraciət edərək icazə sənədlərini real vaxt rejimində əldə edə
bilirlər. Yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının yaradılması
istiqamətində məqsədyönlü tədbirlər görülür ki, bunun nəticəsi olaraq, hazırda
Azərbaycan dünyanın 73 ölkəsinə qida məhsulları ixrac edir.
Görüş zamanı iki qurum arasında sahibkarlarla daha sıx və effektiv kommunikasiyanın təmin olunması məqsədilə birgə əməkdaşlıq mexanizmlərinin yaradılması ilə bağlı razılıq əldə olunub.