arrow

“Qida təhlükəsizliyi: Beynəlxalq perspektivdən baxış” mövzusunda tədbir keçirilib

“Qida təhlükəsizliyi: Beynəlxalq perspektivdən baxış” mövzusunda tədbir keçirilib
27-11-2025 11:20

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) dəstəyi ilə “Qida təhlükəsizliyi: Beynəlxalq perspektivdən baxış” mövzusunda tədbir keçirilib.

AQTİ-nin İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev mövzuya dair geniş təqdimatla çıxış edib. O, qida və ərzaq təhlükəsizliyi anlayışları arasındakı əsas fərqləri izah edərək, beynəlxalq ticarətin sürətlə genişləndiyi bir dövrdə qida təhlükəsizliyinin əhəmiyyətinin daha da artdığını bildirib. Əlavə edib ki, qida təhlükəsizliyinin təmin olunması üçün vahid beynəlxalq norma və standartlar mövcuddur. “Tarladan süfrəyə” yanaşması qida zəncirinin bütün mərhələlərində risklərin qiymətləndirilməsi və idarə olunmasını təmin edir. 

Ramazan Nəbiyev idxal və ixrac olunan məhsullara nəzarətin gücləndirilməsinin həm ölkə daxilində keyfiyyətli qida dövriyyəsini, həm də beynəlxalq ticarət münasibətlərini qoruyan əsas amillərdən olduğunu deyib, habelə sağlam qidalanmanın təmin edilməsində istehlakçıların özlərinin də məsuliyyətinə toxunub. Eyni zamanda qida təhlükəsizliyi sahəsində yeni risklər, qlobal çağırışlar, eləcə də iqlim dəyişikliklərinin təsirləri barədə müasir elmi yanaşmaları diqqətə çatdırıb. 

BMU-nun Qida və biotexnologiya kafedrasının müdiri Rəvan Rəhimov vurğulayıb ki, qlobal ərzaq sistemində gedən dəyişikliklər, istehlak vərdişlərinin yenilənməsi və iqlim dəyişiklikləri qida təhlükəsizliyi məsələsinə peşəkar yanaşmanı zəruri edir. Kafedra müdiri sağlam və zərərli qidalar arasında fərqi müəyyənləşdirmək üçün qeyri-peşəkar məlumatlara yox, mütəxəssis rəyinə və sınaqlarla təsdiqlənmiş biliklərə əsaslanmağın doğru olduğunu önə çəkib. 

Qeyd edək ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 2-ci (Aclığa son) və 12-ci (Məsuliyyətli istehsal və istehlak) istiqamətlərinə uyğun olaraq təşkil edilən tədbir tələbələrin maariflənməsi, elmi yanaşmalarla tanış olması və mövzuya daha peşəkar baxış formalaşdırması məqsədi daşıyıb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, qida təhlükəsizliyi məsələləri ətrafında interaktiv müzakirələr aparılıb.