Birləşmiş Millətlər
Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq
çərçivəsində restoran, kofe-şop və keytrinq şirkətlərinin qida ilə təmasda olan
əməkdaşları üçün təlim təşkil olunub.
Qida
təhlükəsizliyi və gigiyena tələblərinə dair keçirilən təlim Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi və Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Təlim zamanı
iştirakçılara qida zənciri barədə ümumi məlumat verilib, qida məhsullarının
düzgün saxlanması və dövriyyəsinə dair gigiyenik tələblər izah olunub. Eyni
zamanda müəssisələrdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin
təşkili, qida təhlükəsizliyi ilə bağlı potensial risklərin müəyyənləşdirilməsi
və qarşısının alınması yolları barədə təqdimatlar keçirilib.
Qeyd edək ki,
bu cür təlimlər ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbir zamanı qida
təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına, qonaqlara göstərilən
xidmətin keyfiyyətinin artırılmasına töhfə verəcək.