Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericilik və beynəlxalq standartlara uyğun təşkilinə dəstək məqsədilə mütəmadi olaraq maarifləndirici təlimlər keçirir. Bu çərçivədə “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim sahibkarlar və qida ilə təmasda olan mütəxəssislər üçün təşkil olunub.
Təlim zamanı “Qida təhlükəsizliyi haqqında” Qanunun tələbləri əsasında əməkdaşların şəxsi gigiyenası, zərərvericilərə nəzarət, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı ilə bağlı qaydalar geniş şəkildə izah edilib.
Həmçinin təlim iştirakçıları müəssisə daxilində fiziki, kimyəvi və bioloji təhlükələr, gigiyenik tədbirlər, qida məhsullarının saxlanmasına və dövriyyəsinə olan gigiyenik tələblər barədə məlumatlandırılıb. Sonda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.