arrow

Sahibkarlar təmizlik və dezinfeksiya proseslərinin düzgün təşkili ilə bağlı məlumatlandırılıb

Sahibkarlar təmizlik və dezinfeksiya proseslərinin düzgün təşkili ilə bağlı məlumatlandırılıb
26-11-2025 14:01

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlar və əməkdaşlar üçün “Təmizlik və dezinfeksiya işlərinin təşkili” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimin əsas məqsədi qida müəssisələrində sanitariya-gigiyena tədbirlərinin düzgün planlaşdırılması, təmizlik və dezinfeksiya proseslərinin beynəlxalq və yerli tələblərə uyğun şəkildə təşkili, istifadə olunan maddələrin seçilməsi, təhlükəsizlik qaydaları və nəzarət üsullarının praktik izahıdır.

Təlim zamanı çarpaz çirklənmə və yoluxmaların qarşısının alınması üçün təmizlik və dezinfeksiya tədbirlərinin vaxtında və düzgün icrasının mühüm əhəmiyyət daşıdığı iştirakçıların diqqətinə çatdırılıb.Qida müəssisələrində təmizlik prosesinin kim tərəfindən, nə zaman və hansı üsulla aparıldığının qeydə alınması vacib tələblərdən biridir. Bu məqsədlə risk əsaslı yanaşma tətbiq edilməli, təmizlik prioritetləri müəyyənləşdirilməli, müəssisələr üçün effektiv təmizlik və dezinfeksiya planları hazırlanmalı və təmizlik vasitələrindən düzgün şəkildə istifadə olunmalıdır. 

Həmçinin vurğulanıb ki, vizual yoxlamalarla yanaşı, ATP testlərinin tətbiqi çirklənmə səviyyəsinin operativ müəyyənləşdirilməsinə imkan verir. Bununla yanaşı, mikrobioloji analizlərin aparılması təmizlik prosesinə nəzarəti gücləndirərək qida təhlükəsizliyinin və insan sağlamlığının qorunmasına xidmət edir.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı bilikləri qiymətləndirilib.