arrow

“Vahid Sağlamlıq” mentorluq proqramı çərçivəsində tələbələr qida təhlükəsizliyi sahəsində maarifləndirilib

“Vahid Sağlamlıq” mentorluq proqramı çərçivəsində tələbələr qida təhlükəsizliyi sahəsində maarifləndirilib
23-11-2026 16:13

“Vahid Sağlamlıq” mentorluq proqramı çərçivəsində seçilmiş tələbələr üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova tərəfindən qida təhlükəsizliyi və sağlam qidalanma mövzusunda təlim keçirilib. 

V. Sadıxova müasir dövrdə qida təhlükəsizliyi sahəsində mövcud risklərin vaxtında müəyyənləşdirilməsi, qiymətləndirilməsi və effektiv idarə olunmasının əhəmiyyətindən danışıb. O, həmçinin qida mənşəli xəstəliklərin yaranma səbəbləri, onların qarşısının alınması yolları, məhsulların düzgün saxlanılması və istehlak zamanı diqqət edilməli məqamlar barədə ətraflı məlumat verib.

Təlim zamanı balanslaşdırılmış qidalanmanın insan sağlamlığının qorunmasında rolu, gündəlik qida rasionunun düzgün təşkili, qida seçimində keyfiyyət və təhlükəsizlik meyarlarının nəzərə alınması məsələlərinə də toxunulub.

İnteraktiv müzakirə formatında davam edən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, təlimdə proqramın digər ekspertləri də iştirak edib.