Balın təbiiliyi Azərbaycan
Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələr
əsasında dəqiq müəyyən edilə bilər. Satışda “təbii bal” adı ilə müxtəlif
məhsullar təqdim olunsa da, onların keyfiyyəti xüsusi göstəricilər üzrə qiymətləndirilir.
Əsas meyarlara
diastaza ədədi, prolin miqdarı, hidroksimetil furfural (HMF) səviyyəsi, şəkər
tərkibi və pestisid qalıqları daxildir. Prolinin yüksək olması balın təbii və
keyfiyyətli olduğunu göstərir. HMF səviyyəsinin artması məhsulun yüksək temperaturda
saxlanıldığını və ya uzun müddət düzgün şəraitdə qorunmadığını bildirir.
Diastaza ədədi isə balın ferment aktivliyini göstərərək onun təzəliyini müəyyən
etməyə kömək edir.
Eyni zamanda,
arıçılıqda istifadə olunan amitraz kimi maddələrin qalıq miqdarına nəzarət də
vacibdir. Bu göstəricilər üzrə AQTİ-də aparılan laborator yoxlamalar balın
təhlükəsizliyini təmin edir.
Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutu vətəndaşlara bildirir ki, sosial şəbəkələrdə yayılan
qeyri-ənənəvi üsullarla balın yoxlanılması etibarlı deyil və təhlükəsizlik
baxımından tövsiyə olunmur.